31 авг. 2014 г.

Yaxşı fotonu yalnız gözü, başı və ürəyi bir xətdə olanlar çəkə bilir

Fotojurnalistikanın atası hesab olunan Anri Kartye-Bresson 22 avqust 1904-cü ildə Fransanın şimalında yerləşən Şantilu-an-Bri şəhərində, varlı toxucu fabrikatorun ailəsində anadan olub.
O, beşuşaqlı ailənin birinci övladı idi. Uşaqlıqdan incəsənətə, yaradıcılığa meyil göstərən Bresson, musiqidə özünü sınadı, uğursuz alındı. Sonra əmisi Luisdən rəssamlıq öyrənməyə çalışdı. Tezliklə, Birinci Dünya Müharibəsində əmisini itirdi.

1927-ci ildə 20 yaşlı Bresson kubist rəssam və heykəltəraş Andre Lotdan dərs almağa başlayır. Bu, Bressona o dövrün məşhur kubistləri və digər cərəyan nümayəndələri ilə yaxından tanış olmaq imkanı yaradır.

Həmin vaxtlar gələcək dahi fotoqraf Malarme, Rimbod, Dostoyevski, Şopenhauer, Nitsşe, Freyd, Prust, Coys, Hegel, Marks və Engels kimi imzaları oxuyaraq özünü təkmilləşdirir. Andre Lot, Bressona təkcə rəssamlıqdan dərs keçmir, eyni zamanda, ona keçmiş və müasir incəsənəti, fəlsəfəni, psixologiyanı öyrədirdi. Elə buna görə Bresson müəllimi Lotu özünün “kamerasız fotoqrafiya müəllimi” adlandırırdı.

XX əsrin 20 illərində yaranıb geniş şəkildə yayılmağa başlayan Sürrealizm cərəyanı Bressondan yan keçməyib. Tez-tez sürrealist rəssam və digər incəsənət adamları ilə görüşən gələcək fotoqraf onların təsiri ilə yaradıcılığını davam etdirirdi.

Bresson 1928-1929-cu illərdə Kembric Universitetində ingilis dilini, incəsənət və ədəbiyyatı öyrənir. 1930-cu ildə isə Fransa ordusunda xidmət edir. O, bu dövrləri xatırlayarkən deyirdi: “Orduda ikən mənim üçün çox çətin idi. Çünki cibimdə Ceyms Coysun kitabı, çiynimdə isə Lebel tüfəngi var idi”.

1931-ci ildə Cozef Konradın “Qaranlığın ürəyi” kitabını oxuyandan sonra Bresson o dövrdə Fransa müstəmləkəsi olan Kot d`İvuarda macəra axtarışına qərar verir. Həmin günləri xatırlayan fotoqraf yazır: “Lotun emalatxanasını tərk etdim, çünki bu sistematik xəyalların içinə düşmək istəmirdim. Özüm olmaq istəyirdim. Dünyanın rəsmini çəkmək və onu dəyişmək həyatımdakı hər şeydən daha əhəmiyyətli idi”.

Kot d`İvuarda o, malyariya xəstəliyinə yoluxur. Ölümün bir addımlığında ikən babasına onu Normandiyada, İvi meşəsində Klod Debyussinin “Kəndir Kvarteti”nin sədaları altında dəfn etməsini rica edir. Əmisindən belə bir cavab alır: “Baban dediklərinin baha başa gələcəyini düşünür. Hər şeydən əvvəl sənin geri qayıtmağını daha üstün tutur”


Həmin il Fransaya geri qayıdan Bresson müalicə alaraq sağalır. Özü ilə kiçik kamera götürsə də, Afrikada çəkdiyi həmin lentdən yalnız və yalnız yeddi fotonu xilas etmək mümkün olmuşdu.

1937-ci ildə 29 yaşlı Bresson İndoneziyalı rəqqasə Ratna Mohini ilə ailə həyatı qurur. 30 ildən sonra – 1967-ci ildə isə isə boşanır. Bundan 3 il sonra  – 1970-ci ildə 62 yaşında 32 yaşlı belçikalı fotoqraf Martin Frankla evlənir. Bu evlilikdən Melani adlı qızları dünyaya gəlir.

1934-cü ildə polyak fotoqraf Devid Seymurla, daha sonra isə macar fotoqraf Endre Fridmannla (sonradan adını dəyişərək Robert Kapa qoyub) tanış olur. Hər üçü 1937-39-cu illər arasında axşam çıxan fransız kommunist qəzeti “Se Suar”da fotojurnalist işləyiblər. Onlar solçu olsalar da, heç vaxt Fransa Kommunist Partiyasına qoşulmayıblar. Bressonun sürrealizmdən uzaqlaşmasında və fotojurnalist olmasında Robert Kapanın böyük rolu var.

1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsi başlayanda Anri Kartye-Bresson orduda xidmət edir. 1940-cı ilin iyununda alman nasistləri tərəfindən əsir alınır. O, 35 ay əsir düşərgəsində qalır. Bu müddət ərzində iki dəfə qaçmağa uğursuz cəhd edir. Nəhayət, 3-cü cəhdi alınır və Fransanın Turen şəhərinə gəlib gizli şəkildə digər fotojurnalistlərlə işləməyə başlayır. Fransanın işğalını və azad olunmasını fotolarla sənədləşdirməyə başlayır. 1944-45-ci illərdə nasist əsirliyində olan fransızlar haqqında “Qayıdış” adlı sənədli film çəkir.

1947-ci ilin yazında Anri Kartye-Bresson, Devid Seymur, Robert Kapa, Corc Rocer və Uilyam Vandivert “Maqnum Foto” agentliyini yaradırlar. R.Kapanın beyninin məhsulu olan “Maqnum” yaradılan ilk korporasiya idi. Agentliyin planına görə, A.K-Bresson Hindistan və Çində çəkilişlər aparmalı idi. Onu dünyaya daha çox tanıdan Mahatma Qandinin dəfn mərasimində və Çindəki vətəndaş müharibəsində çəkdiyi fotolar olur.

Fotoqrafiyası Kartye-Bressonu Çin, Hindistan, Yaponiya, ABŞ, Kanada, Sovet İttifaqı da daxil olmaqla dünyanın bir çox yerlərinə apardı. O, Böyük Vətən Müharibəsindən sonra Sovetlərdə sərbəst şəkildə foto çəkən ilk qərbli fotoqraf olub.

1966-cı ildə sırf mənzərə və portret çəkməklə məşğul olmaq üçün “Maqnum” agentliyindən uzaqlaşmağa başlayır. 1968-ci ildən yenidən rəssamlıqla yaradıcılığına davam edən Bresson, 70-ci ilin əvvəllərindən etibarən fotoqrafiyadan birdəfəlik imtina edir. Kamerasını otağının ən təhlükəsiz yerinə qoyur və bir daha əlinə götürmür: “Güman ki, mən fotoqrafiya ilə deyə biləcəyim hər şeyi demişəm. Fotoqrafiya heç vaxt rəssamlığa gedən yoldan daha artıq olmayıb. Bu sənət bir növ, cəld rəsm çəkmə işidir”.

Anri Kartye-Bresson 3 avqust 2004-cü ildə Fransanın cənubunda – Moncyustin şəhərində 95 yaşında dünyasını dəyişib. Ölüm səbəbi ictimaiyyətə açıqlanmayıb. Öldükdən sonra ondan qalan mirasla “Anri Kartye-Bresson Fondu” yaradılıb.

photo Henri Cartier-Bresson
O, 23 yaşında Kot d`İvuara gedib. Fransaya qayıtdıqdan sonra fotoqrafiya ilə maraqlanmağa başlayıb. O, iki
fotonu gördükdən sonra rəssam yox, fotoqraf olmağı qərara alır. Bunlardan biri, meksikalı fotoqraf Aqustin Kasasolanın 1913-cü ildə çəkdiyi, Meksika İnqilab Muzeyində qorunan, Fortino Samanonun, arxası divara dayanmış, üzü hərbçilərə tərəf çevrilmiş, əlləri cibində, ağzında bir siqaret, üzündə meydan oxuyan təbəssümü ilə ölümü ciddiyə almayan bir poza vermiş halda göstərən fotodur.

Martin Munkacsi: Boys running
into the surf at Lake Tanganyika, 1932
Digəri isə 1929, yaxud 1930-cu ildə macar fotoqraf Martin Munkaçinin çəkdiyi tərs işıqda Tanqanika gölünün dalğalarına atılan üç zənci uşağın arxadan çəkilmiş görüntüsüdür.

Birinci foto ölümün qaçılmaz olduğu andakı insanı, ikinci isə böyük bir yaşama sevincini göstərir. Bu fotolar Bressonu fotoqrafiyaya gətirdi: “Dərhal anladım ki, foto bir anın içindəcə əbədi ola bilər”.

Bresson Marseldə olarkən Leica model fotoaparat və 50 mm obyektiv əldə edir və dayanmadan, yorulmadan Paris, Berlin, Varşava, Praqa, Budapeşt və Madrid şəhərlərinin küçələrində fotolar çəkir. Bu kiçik aparatın parlaq hissələrini boz-qara rənglərlə rəngləyən Bresson onu artıq daha rahat şəkildə işlədə bilərdi. Çünki həm kiçik, həm də rəngsiz olan cihazla küçədə heç kəsin diqqətini çəkmədən onların təbii halda fotolarını çəkmək mümkün olacaqdı.

Anri Kartye-Bresson özü və fotoları haqda çox danışmağı xoşlamırdı. O hətta fotosunun çəkilməyinə belə nifrət edirdi. 1975-ci ildə Oksford Universiteti tərəfindən fəxri adla təltif olunarkən fotosu çəkilməsin deyə, üzünə kağız tutmuşdu.

O, əlavə aksesuar olan flash-dən heç vaxt istifadə etməyib. Çəkdiklərinin lazımsız hesab olunan yerlərini kəsməyə nifrət edirdi. İzləyicinin sadəcə, anı tutduğu güman edilən bir çox fotoları əslində, onun yaradıcılığının, səbrinin məhsuludur, əvvəlcədən planlaşdırıb. Foto çəkəcəyi yeri əvvəlcədən müəyyən edir, doğru anı, kadrın içinə istədiyi formada insan düşməsini bəzən saatlarla gözləyirdi. Bu həlledici an onun yaradıcılığının əsas xüsusiyyətidir. Fotolarının böyük əksəriyyəti hələ bitməmiş hadisələri əks etdirir. Bu isə izləyicidə gərginlik, hərəkətin necə bitməsi barədə fikirləşmə məcburiyyəti yaradır.

Bressonun fotoarxivində XX əsrin böyük hadisələri və böyük şəxsiyyətləri var. O, İspaniyadakı vətəndaş müharibəsini, 1944-cü il Parisin azad olunmasını, 1968-ci il Paris tələbə üsyanını, Çində Qomindan hökumətinin dağılması və kommunistlərin hakimiyyətə gəlməsini, M.Qandinin qətlini, Berlin divarını, Misir səhralarını, Sovet həyatını fotolarla sənədləşdirib.

Onun arxivində Alber Kamyu, Jan-Pol Sartr, Pablo Pikasso, Ezra Paund, Simona de Bovuar, Samuel Bekkett, Uilyam Folkner, Andre Breton, Harri Truman, Jan Renuar, Martin Lüter Kinq, Pablo Neruda, Alberto Ciakometti, Pol Eluar, Koko Şanel və digər onlarla XX əsrin böyük yazıçı-şairlərinin, siyasətçilərinin, incəsənət xadimlərinin portretləri var.

Bressondan sitatlar:

“Foto özlüyündə mənim üçün maraqlı deyil. Mən sadəcə, həqiqətin bir parçasını tutmaq istəyirəm. Mən heç kəsə heç nəyi sübut etmək və heç nəyi xüsusi qeyd etmək istəmirəm. Fotolardakı şeylər və insanlar özləri danışacaqlar. Mən “mətbəxdə” işləmirəm. Laboratoriyada və studiyada işləməkdən ürəyim bulanır. Fotomanipulyasiyaya nifrət edirəm. Həm çəkiliş vaxtı, həm də ondan sonra, qaranlıq otaqda. Yaxşı göz bu cür manipulyasiyanı görür... Yaradıcılığın yeganə anı  aparatın düyməsinin sıxıldığı və hərəkətin dayandırıldığı saniyənin iyirmi beşdə bir anıdır.”

“Hadisələrin kuliminasiya nöqtəsini heç vaxt tuta bilməyəcəksiniz. Sizə elə gəlir ki, kuliminasiya bax, bu kadrdır. Siz düyməni sıxırsınız, rahatlaşırsınız. Ancaq kim bilir, bəlkə, kuliminasiya nöqtəsi sizin çəkdiyinizdən sonrakı kadrdır…”

“Çəkdiyiniz ilk on min foto çox pis olur”.

“Fotoqraf mülayim işləməlidi, hiss olunmadan və eyni zamanda iti gözlərlə. Təkan verməyə, başqalarının diqqətini özünə cəlb etməyə ehtiyac yoxdur. Balıq tutacağınız suyu bulandırmayın”.

“Yaxşı fotoəsərlə pis fotoəsər arasında millimetr fərq olur”.

“Yaxşı fotonu yalnız gözü, başı və ürəyi bir xətdə olanlar çəkə bilir”.

Mənbə: 1937

Комментариев нет:

Отправить комментарий