19 дек. 2014 г.

Fotoqraf Andre Kertesz-dən maraqlı fikirlər

photo: en.wikipedia.org
1. KAMERANIZ HƏMİŞƏ YANINIZDA OLSUN
Bir küçə fotoqrafı üçün ən vacib şey kamerasını daim özü ilə gəzdirməsidir. Kamera götürməyəndə qaçırdığınız çox an olur. Andre Kertesin yaşadığı dövrdə kameralar tripodlu və böyük ölçüdə olurdular.
Ona görə də onları getdiyin hər yerə daşımaq asan məsələ deyildi. Buna görə də Kertes kiçik həcmli kamera almış və daim özü ilə aparmışdır. Kiçikölçülü kameralar yeni yarandığından öyrəşilməmişdi və çoxları bu cihazı ciddi qəbul etmirdilər. Siz də daşınabilən yüngül kamera alın. Əgər DSLR kamera sizin üçün böyük və ağır gəlirsə, onda kompakt kamera alın və ya smartfonunuzdan faydalanın.

2. XƏYALLARINIZIN ARDINCA GEDİN
Kertes Macarıstanda istədiyini ala bilmədiyinə görə daha uzağa – Parisə getmək qərarına gəlir. Macarıstanda siyasi və mədəni azadlığın çatışmazlığı səbəbilə o, Parisə köçür və çətin də olsa, burda yeni həyat qurur. Paris həyatı Kertesin yaradıcılığına güclü təsir göstərir. Bir küçə fotoqrafı kimi siz də öz yaradıcı imkanlarınızı daha da üzə çıxartmaq üçün daha əlverişli yerlərə getməlisiniz; əgər yaşadığınız yer sizi qane etmirsə. Xəyallarınızın ardınca gedin və o sizi olmaq istədiyiniz yerə aparacaq.

3. YUXARI GÖRÜNÜŞ NÖQTƏSİNDƏN ÇƏKİN
Küçə fotolarını biz adətən üzbəüz çəkirik. Möhtəşəm fotolar alınır, lakin bunlar bəzən sıxıcı da ola bilir. Bununçün hündür bir yerdən (bura yaşayış binasının, ofis binasının damı ola bilər) aşağını çəkmək lazımdı. Bu həm kadrın yerini dəyişdirir ki, bu da gözü yormur, eyni zamanda, işığı, kölgəni və formaları daha aydın görmək və çəkmək olar. Kertes deyir: “Yuxarıdan çəkilən fotoları sevirəm. Çəkdiyiniz obyektlərlə eyni səviyyədəsinizsə, çox yeş itirirsiniz.”

4. HƏNDƏSƏYƏ VƏ FORMAYA FOKUSLANIN
Kertes əsl sənət elementlərini fotoqrafiyaya daxil edən ilk fotoqraflardandır. Onun fotolarına diqqətlə baxsaq, kompozisiyalarında həndəsi elementlərə və formanın necə qurulmasına rast gələ bilərik. Küçədə çəkərkən Kertes ön plandakı obyektlərin formasına, görünüşünə, arxa plandakıların isə zəriflik və poetikliyinə diqqət edirdi. Qəbul edin ki, daim küçədə çəkmək sıxıcıdır. Evinizdəkiləri çəkin; ailə üzvlərinizi, evdəki əşyaları çəkin (Kertes evindəki boşqab, çəngəl, eynək, güllərin fotosunu çəkirdi). Adi şeylərin fotosunu çəkin, lakin bu zaman işığa, kompozisiyaya, çərçivənin necə doldurulmasına diqqət edin. Beləcə, kompozisiyanı məşq etmiş olursunuz ki, bu da sizdə intuitiv qabiliyyət formalaşdırır.

5. MÜXTƏLİF AVADANLIQLARI SINAQDAN KEÇİRİN
Kertes bütün yaradıcılığı ərzində şüşə lövhəciklərdən, 35 mm Leica markasından, telefoto obyektivlərdən və Polaroid SX-70 modelli apartdan istifadə edib. Müxtəlif avadanlıqlardan istifadə etmək yaradıcı imkanları daha da genişləndirir. Hər hansı yeni obyektiv yeni baxış bucağı deməkdir. Bu halda siz çəkmək istədiklərinizi hansı formada çərçivəyə sığdıracağınızı düşünəcəksiniz. Amma heç vaxt imkan verməyin ki, avadanlıqlar (ekipman) yaradıcılığınızın qarşısında bariyer olsun.

6. NƏ ÇƏKDİYİNİZİ HİSS EDİN
“Görmək bəs eləmir, həm də nə çəkdiyini hiss etməlisən” - deyən Kertes işin texniki cəhəti barədə fikirlərini də bölüşür: “Yazmaq istəyirsənsə, əlifbanı öyrənməlisən. Yazırsan, yazırsan və sonda sənin xəttin yaxşı formalaşır. Lakin əlifba önəmli deyil. Önəmli olan nə yazmağın, nə hiss etməyindir. Eyni şey fotoqrafiyaya da aiddir. Foto texniki cəhətdən qüsursuz və hətta gözəl ola bilər, lakin onun təsir qüvvəsi yoxdur.” Küçədə çəkərkən və fotonuzu redaktə edərkən ürəyinizin sizə bələdçi olmasına imkan verin. Fotolarınızı tənqid edərkən isə kompozisiya və digər texniki cəhətdən çox, hansı hissi çatdırdığınızı düşünün.

7. DOĞRU ANI TUTMAQ ÜÇÜN SƏBİRLİ OLUN
“Hər kəs görə bilər, amma hər kəs vacib olan anı görə bilməz” - Andre Kertes. O, “həlledici an” dediyimiz məfhumdan bəhs edir. Bu elə bir andır ki, o, şəxsin yaradıcı xüsusiyyətindən, inuitiv düşüncəsindən asılıdır. Kompozisiya qurulandan sonra fotonu çəkmək lazımdır. Bəs izdihamlı şəhər həyatından maraqlı kadrı necə görmək olar? Kertes 2 üsul təklif edir:
a) çəkərkən işığı hesablamalı. Əgər çəkəcəyiniz yerdə işığın yaxşı olmadığını görürsünüzsə, daha düzgün bir zamanda gəlin (ən yaxşı işıq gündoğuşu və günbatımında olur).
b) çəkəcəyiniz səhnəni müxtəlif rakurslardan müşahidə edin. Durduğunuz yerdə kadr yaxşı dolmur və səhnə tam açılmırsa, yerinizi dəyişin və daha fərqli görüntü əldə etməyə çalışın.

8. HƏMİŞƏ HƏVƏSKAR QALIN
“Həvəskar” sözü bir çoxları üçün aşağılayıcı görünür. Çünki həvəskarlar adətən kompozisiyadan xəbərsiz olur, aşağı keyfiyyətli fotolar çəkir, eyni zamanda, avadanlıqları da az olur. Lakin həvəskar olmağın bir gözəl xüsusiyyəti var ki, bu da işə sevgilə yanaşmaqdır. Professionallar da işini sevirlər, lakin onlar işi daha çox pul qazanmaq məqsədilə görürlər. Həvəskarlar isə sırf həvəsindən, sevgisindən foto çəkirlər. Fotoqrafiya daim davam edən bir şeydir. Bu baxımdan həmişə həvəskar olaraq qalmağa çalışın ki, fotoqrafiyanı daha çox sevəsiniz.

9. AZA QANE OLUN
Kertes uzun müddət kəşf edilməmişdi, onu tanıyan yox idi. Hətta jurnallarda dərc olunarkən onun fotoları “ən yaddan qalan” başlığı ilə deyil, “həvəskar fotolar” başlığı ilə çap olunurdu. Tarix boyu ən yaxşı fotoqraflar heç vaxt şan-şöhrət naminə iş görməyiblər. Kertesin tanınması da ömrünün son dövrlərinə təsadüf edir. O, həmişə aza qane olurdu, az adamın tanımasından razı idi, kütlənin tanımamasından şikayətlənmirdi.

10. AC OLUN
Fotoqraf üçün daim “ac” qalmaq ən önəmli cəhətlərdəndir. Andre Kertes 90 yaşında yeni portfolio hazırlayır. Ondan soruşanda ki, niyə hələ də fotoya davam edir, o cavab verir: “Mən hələ də acam.” Daim yeni aparatlarla işləyin, müxtəlif obyekt və subyektlərlə işləyin, yeni layihələr üzərində çalışın, daim işləyin. Stiv Cobsun da dediyi kimi: “Ac olun, axmaq olun.”

http://www.atgetphotography.com/The-Photographers/Andre-Kertesz.html

Комментариев нет:

Отправить комментарий