10 дек. 2010 г.

Qarşısıalınmaz internet “vulkanı”

Dünya inkişaf edir, və hər gün nəsə bir yenilik çıxır. Biz insanlar da daim o yeniliyin arxasıncan qaçırıq. O cümlədən internetin. Kompüter insan beyninidn məhsuludur. Buna görə biz onu icad edən insanlara minnətdar olmalıyıq. Bəzən kompüterlə münasibətdə olmaq insanla münasibətdə olmaq kimi qiymətləndirilir. Xeyir! Münasibət qurmağa gəldikdə isə, insanın öz yeri, kompyuterin öz yeri.


Zaman-zaman virtual aləmdə yeniliklər görürük. Demək olar ki, ən aktual və yeni məhsullar haqda məlumatı internetdən əldə etmək mümkündür. Necə ki, məktubları e-mail, kasetləri CD-lər daha sonra isə CD-ləri iPod-lar, kitabları “E-book”lar əvəzlədi. Avropa bazarında artıq kitbaları əvəz edən minlərlə səhifənin oxunmasına kömək edən cihazlar satılır... Bir söznən inkişaf bütün sahələrdə özünü göstərir. Yazımı internetin tarixinə aparmaq fikrim yoxdur. Amma bəzi əsas və vacib məqamlara toxunmağa çalışacam.

Azərbaycanda internetdən, demək olar ki, 7-8 yaşlı uşaqlar da istifadə edir. Buna pis baxanlar da var yaxşı baxanlarda. Amma internet həyatımızın ayrılmaz hissəsinə çevriləndə və daim bizə lazım olan məlumatı internetdən alanda başqa yerdən istifadəyə, artıq sözə lüzüm görülmür. Kiçik bir pəncərədən, dünyanın istənilən bir nöqtəsinə baxa, orada baş verən hadisələri oxuya, qısası istədiyin hər bir məlumatı ala bilərsən. Bir sözlə “internet vulkanı” püskürüb. Ya bu vulkan səni öldürəcək ya da sən ondan sağ çıxmaq üçün proflaktik tədbirlər görəcəksən. İnternet də belə. Ya sən burda özünü məhv edəcəksən ya da internetdən faydalanıb irəli hərəkət edəcəksən. Hamının virtual dünyada öz yeri var necə real həyatda olduğu kimi, hər kəs də burada öz yerini tutmalıdır. Göründüyü kimi insan beyninin məhsulu olan internetdən qaçmaq qeyri-mümkündür.

XXI əsrdir. Bu gün internetin vəziyyəti nə yerdədir?  Nə kimi faydası var? Və biz bundan necə istifadə edirik?

Sovet dövrünü yadınıza salın, düzdür onda mən balaca idim. Amma təxmini bəzi şeylər yadımdadır. Xalq artisti Zeynəb Xanlarovanın televiziyada anonsu gedirdi. Filan gün, filan saatda oxuyacaq. Yalnız Dövlət Televiziyası fəaliyyət göstərdiyindən və senzura tətbiq olunduğundan hər kəs məcbur idi baxsın. Ona görə ki, sabah baxmaq imkanı olmayacaq. Dövlət kanalı senzura tətbiq etmişdi... Amma, indi vəziyyət necədir? Tam fərqli. İndi artıq kanal senzura tətbiq etmir. Senzura sənin əlindəki PULT-dur. Və sən, istədiyin kanala çevirib baxa, söndürə və digər kanala çevirə bilərsən. Heç kim səni məcburi verlişə baxdıra bilməz. İndiki gündə internet də bu vəziyyətdədir.

Hələ 1995-ci ildə Azərbaycanda ilk istifadəyə verilmiş veb-sayt elm.az saytı olmuşdur. Bu sayt Azərbaycan üçün olduqca yenilik idi. Sadə dizayn olmasına baxmayaraq, addım atıldı...

Təxminən 10 il əvvələ qayıddıqda Azərbaycanda elə də böyük sürəti olmayan internet, yekə kompyuterlər və maraqsız saytlar. Zaman keçdikcə Azərbaycan istifadəçiləri internetə yeni-yeni addım atmağa başladılar. Və bunula da internet istifadəçilərinin marağı artdı. Virtual aləmdə baxmaq, oxumaq, almaq, dinləmək istədikləri hər bir şeyi burda tapmaq mümkün oldu. Qısası internet ucu-bucağı görünməyən nəhəng bir kitabxananın əsasını qoydu. Bu kitabxanadan necə? nə cür istifadə etməyimiz isə, biz istifadəçilərdən çox şey asılıdır.
Demək olar ki, hər kəs sosial şəbəkənin, internetin zərənindən danışır. İnterneti gələcək nəsli savadsızlaşdıran, beynini kütləşdirən, passivliyə aparan vasitə kimi qeyd edirlər.  Əgər bir gənc tələbə özü əziyyət çəkmək əvəzinə hazır məlumatı yükləyib, internetdən axtarıb tapıb, sonda öz adına çıxıb istifadə edirsə biz bunda texnologiyanın bu “inqilabı”nı pisləyə bilmərik. Bunun zərərini, faydasını öyrənib, faydalı hala gətirməliyik. Düzdür zərəri var amma unutmayaq internet həyatımıza daxil olub. Və bunu çıxartmaq qeyri-mümkündür. (Hər-hansı bir işə qəbul olunmaq istədikdə kompyuter biliklərin nəzərə alınır və s.)
Sosial şəbəkələrə gəldikdə isə bu günkü həyatımızda facebook, odnoklassniki, twitter və s. kimi sosial şəbəkələr mövcuddur.

İnternetin başqa bir “xidmət”i-sosial şəbəklərsə, az qala həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Burda da dil fərqləri özünü göstərib. Feysbuk (“Facebook”) kimi dünyada məşhur olan bir soisial şəbəkə rus və daha sonra türk dilində xidmət göstərənə qədər Azərbaycanda bu şəbəkədən istifadə edənlər çox az idi. Necə ki, May Speys (“My Space”) və Liv Cournıl (“Live Journal”) kimi dünyaca məşhur şəbəkələr Azərbaycanda az istifadə olunur.

Ümumilikdə isə, bütün sosial şəbəkələr insanlar arasında ünsiyyət qurma vasitəsidir. Yani istənilən sosial şəbəkədə bir insan, öz yaxın qohumunu, unudulmuş dostunu axtarıb tapa və ya hər hansı bir aktual mövzunu müzakirə etmək üçündür. Amma çox təəssüflər olsun ki, hələ ki, Azərbaycanda bu tendensiya demək olar ki, yoxdur. Sosial şəbəkələrdən istifadə edən gənclərimiz, internetə yalnız əyləndirici və ponoqrafik saytlara baxmaq, çatlarda mənasız tanışlıqlar, oyunlar oynamaq, kommersiya vasitəsi kimi baxmaq kimi pis vərdişlərdən istifadə etməkdədilər. Bu da dəyərli vaxtlarını havaya sovurmaq kimi dəyərləndirilir.


Qeyd etməliyik ki, bu gün cəmiyyətimizin əsasını təşkil edən gənclər asudə vaxtlarının çox hissəsini televizor, son vaxtlarda isə kompyuter qarşısında keçirirlər. Və hər iki vasitə də gənc nəslin formalaşmasında və inkişafında böyük təsir göstərir. Saysız hesabsız musiqi yarışmaları, şou proqramlar və s. Efirdə musiqi yarışmalarını görən gəncdə də musiqi yarışmalarına həvəs yaranır. Çox təəssüf ki, bu gün televiziyanın tərbiyyəvi və maarifləndirici xüsusiyyətlərini qeyd etmək çox çətindir. İnternet şəbəkələrində də faktiki olaraq həmin hadisələr baş verir. Hər iki vasitəni həm pedoqoji, həmdə  psixoloji cəhətdən idarə altına almaq, onların müsbət təsir dairələrini genişləndirmək lazımdır.


Bunun da fəsadları bir neçə ilə üzə çıxacaq. Amma gənclərin internetdə boş-boş vaxt keçirilməsində əsas problem, bir az dərinə düşsək görərik ki, Azərbaycanda maarifləndirici, asan qavranılan saytların olmamasıdır.
Bu da gənclərin əyləncəli saytlara, mənasız tanışlıqlara üz tutmasına, hisslərin cılızlaşmasına gətirib çıxardır. Bu gün internet istifadəçisinin problemi (Azərbaycanda) maarifləndirici saytların azlığıdır. Misal olaraq bizdə keçirilən iki internet müsabiqəsini göstərə bilərəm. Netty Millinet. Bura çoxlu sayda saytlar təqdim olunur. Əyləncə kateqoriyasına daxil olan saytlar digərlərindən qat-qat çoxdur.  Bu onu göstərir ki, bu sahə üzrə hələ çox işləməliyik. Gənci savandlı olmayan ölkənin nə iqtisadiyyatı, nə də mədəniyyəti inkişaf edə bilməz. İnternet buna bir yol idi. Amma düşünmək gərək – bəlkə biz bu yoldan uzaqlaşırıq...

Комментариев нет:

Отправить комментарий