10 апр. 2011 г.

Qabriel Qarsia Markesdən seçmələr


Foto: kultaz.com
Axırı ki, kitabı sona çatdıra bildim. Onu deyim olduqca maraqlıdır. 7 manatınızdan keçib kitabı alıb oxuyun...

Taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun ölümü barədə şəhadətnamədir.

Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»

Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam deməkdir.

O, oğluna, dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu, gözdəniraq, arxayın bir yeri qazdırıb orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yer haqqında heç kim heç nə bilməməlidir.

Ən zəruri dövlət məsələlərini isə o, öz şəxsi köməkçiləri ilə - nahar vaxtı, bir əlində nimçə, o biri əlində qaşıq,
otağın içində var-gəl eləyə-eləyə müzakirə edirdi. Bir çox məsələləri isə o, yolüstü, məsələn, pilləkəni çıxa-çıxa həll eləyirdi, bəzən də heç həll eləmirdi, elə ağzının içində öz-özünə: «Nə istəyirsiniz eləyin, onsuz da buranın yiyəsi mənəm.» - deyə-deyə ötüb gedirdi.

Onu sevirdilər, ya sevmirdilər, onu ən az maraqlandıran bu idi. Bu barədə söz düşəndə o, üzünü turşudaraq:«Boş şeydi» - deyirdi. O tez-tez müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə şəxsən özü kəsir, ən təhlükəsiz vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz qoya-qoya, özünü camaata göstərirdi: «Heç nə olmaz!» - deyirdi. Qalan boş vaxtlarını isə o, öz yerlisi - səhiyyə naziri ilə və general Rodriqo de Aqilarla saysız-hesabsız domino oyunlarına sərf eləyirdi.

 «Əgər o, doğurdan elə qeyri-adi gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da oynayaram. - dedi. - Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər yazsınlar, belə şeylər qara camaatın xoşuna gəlir.

Bizim əziz general
Vətəni murdarladı.
Çox əlləşdi-vuruşdu,
Öz ağlı-kamalıyla,
Yeni qanunlar qoşdu
Başıyla yox, dalıyla...

... o vaxtlar o, səmimiqəlbdən inanırdı ki, insanlara xöşbəxtlik bəxş etmək, ölümü isə, fərasətin və fəhmin köməyi ilə aldatmaq olar

«Amma, vətəndaş müxalifətinin başçıları, üzlərindən maskaları atıblar və küçələrdə açıq-açığına mitinq edirlər!» - deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna da o: «Lap yaxışı, əmr ver, de Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı görsün ki, güc kimin tərəfindədir!» - deyə, belə cavab verdi, «Bu, mümkün olan məsələ deyil axı?!.. - general Rodriqo de Aqilar etiraz etdi - onların arxasında xalq dayanıb!» «Yalandır, - prezident dedi - xalq mənim tərəfimdədir, odu ki, burdan mənim, yalnız meyidim çıxacaq!»

.... partlayışın dalğasından yüngülcə diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı; sursata qənaət məqsədilə iki cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından çıxaranda isə prezident: «Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de Aqilar isə onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu nəfəs alıb yenə: «Vəssəlam!» - demişdi.

Onun ölümünə bir də ona görə inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv sənədləriylə təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə həmin üzü, paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü, fəaliyyət hərarəti və sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki, onun yaş həddi çoxdan hamının yadından çıxmışdı.

 Letisiya özü də içindən, bətnindən, dölətrafı bol suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi. «Sənin qanındı…» - Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və körpənin 111ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz…

Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan kvartalının girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi furqonları, xoşuna gələn qiymətli əşyalarla doldurub, haqq-hesabın hökümətə göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul hesabının», Allahın özünə təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdannan bəri idi, ölkədə bir kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var, yoxsa görünənlər, onun kölgəsidi.

«Bu gün on iki avqustdur, general! Böyük, tarixi bir gündür! Sizin hakimiyyətə gəlişinizin düz yüzüncü ildönümüdür! Odur ki, general, dünyanın dörd bir tərəfindən qonaqlar təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür ərzində belə, cəmi bircə dəfə iştirak etmək müyəssər olur. Bu günü bütün ölkə
qeyd edir, bəs siz?!» O, Xose İqnasiyonun inadkar tələblərinə - bu yaddaqalan gecəni, xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları altında keçirmək barədə bütün xahişlərinə cavab olaraq, öz yuxu kamerasına həmişəkindən bir az da tez çəkilib, üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib soyunmadan, ordenmedalsız, kobud kətan formasında, sol tayı qızıl mazmızlı uzunboğazlarında döşəməyə uzanaraq, üzünü balışa basan kimi, ovuclarına basdı və elə bu vəziyyətdəcə - öz əbədi vəziyyətində, bizim, onu bir vaxt tapacağımız vəziyyətdə - quzğunların didib-dağıtdığı, dərisi min bir həşərat və dəniz yosunları basdığı vəziyyətdə donub qaldı və yuxusuz gözələrinin içiylə, dumanlı şehin arasıyla uzaqdan eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin cingiltisini, şüarlar çığıra-çığıra, lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, bütün bunları eşidir, qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: «Anam mənim, taleyim mənim, Bendisyon Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət şeytana, vaxt necə də tez gedir!» - dedi.

«Heç nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi çıxmaqla, bu ölkə qara qəpiyə də dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün dünyanı doyura biləcək xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə, zat aliləri, odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa
borclarınızı, sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə bilməyəcək!»

«Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim - vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə çıxıb, həqiqətin gözünə baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməlidi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdu.»

 O, öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün, bütün ömrünü yalan və cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, simiclik titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, hakimiyyət tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, başa düşməmişdi ki, hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün deyil, mənim generalım!

Roman yazıçı Afaq Məsudun tərcüməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur. Romanın qarmaqarışıq əhvalatı sözü gedən ölkədəki həyatın qarışıqlığı ilə üst-üstə düşür. Kitabın qiyməti 7 manatdır. 


Комментариев нет:

Отправить комментарий