25 окт. 2019 г.

Qoşulmama Hərəkatı nədir?

Photo: AzerTAc
Qoşulmama Hərəkat nədir?
Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub.
Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. QH-ə sədr olan dövlət Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr edir. Təşkilata sədrlik edən dövlət inzibati xarakterli xərclərin ödənməsini öz öhdəsinə götürür. İş prinsipi necədir?
İdarəçiliyi qeyri-iyerarxik xarakter daşıyır və rotasiya əsasında fəaliyyət göstərir. Təşkilata üzv olan hər bir dövlət təşkilatın əsas prinsipləri sayılan "Bandunq prinsipləri" əsas götürməlidir. Qoşulmama Hərəkatının bilavəsitə münaqişələrə müdaxilə edəcək resurs və alətləri yoxdur. Bu beynəlxalq məsələlərin müzakirəsi üçün bir platformadır. Nədir "Bandunq prinsipləri"?
  • Azərbaycan bəyan edib ki, təşkilata sədrlik etdiyi dövrdə "Bandunq prinsiplərini" əsas götürəcək. Bu prinsiplər bunlardır.
  • BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
  • Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
  • Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
  • Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
  • BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
  • Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
  • Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
  • BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək; Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

  • Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib. Azərbaycan Qoşulmama Hərəkatından nə əldə edib?
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Hazırkı sammitdə 2019-2022-ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçəcək. Azərbaycan təşkilata qoşulan sonuncu ölkədir. İndiyə kimi iki dəfə 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib. Maddə münaqişənin məhz Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həllini nəzərdə tutur. Mənbə: BBC

Комментариев нет:

Отправить комментарий