5 дек. 2014 г.

Nik Vuyçiç: Anamın əzabları

photo: plainjoephotoblog.com
İlk övladın doğuşu ailənin təməlinin möhkəmlənməsi üçün müsbət hadisədir. Mən doğulanda isə heç kim atamla anama çiçək yollamayıblar. Bu onları daha da tədirgin edir, narahatlıqlarını daha da şiddətləndirirdi.


Anam göz yaşları içində atama üz tutur: “Məgər mən bir dəstə gülə layiq deyilməmmi?” Bağışla məni, - adam deyir, - Əlbəttə layiqsən!” Atam gül dükanına yollanıb gözəl bir gül dəstəsi ilə qayıdır.
Bütün bunları 13 yaşımda öyrənmişəm. O zaman mən atamla anamdan əlsiz-ayaqsız doğulmağıma münasibətlərini soruşmuşdum. Həmin gün məktəbdə qanım qaralmışdı. Bu haqda atamla anama danışanda onlar mənimlə birlikdə ağladılar. Mən əl və ayaqlarımın olmadığından əziyyət çəkdiyimi onlara dedim. Anam göz yaşlarımı silib mənə dedi ki, Tanrının mənimlə bağlı bir planı var və yaxın zamanlarda o bu planının üstünü açacaq.

Mən gah anama gah da atama bəzən də onların hər ikisinə üz tutub suallarımı ünvanlamağa davam etdim. Suallarım sadəcə maraqdan doğurdu. Həm də, hər şeylə maraqlanan sinif yoldaşlarım da, daim məni sual yağışına tuturdular.

Əvvəlcə valideynlərimin mənə deyəcəklərinin qorxdusunu keçirdim. Doğurdan da danışmaq onlar üçün çətin idi. Onları sorğu-suala çəkmək heç ürəyimcə deyildi. İlk çağlarda anamla atam məni göz bəbəyi kimi qoruyurdular, başıma bir şey gəlməsindən ehtiyatlanırdılar. Ancaq yaşım ötdükcə onları daha böyük sual yağmuruna tuturdum. Axırda onlar baş verənləri mənim özbaşıma anlaya bilməyəcəyimi anlayıb, mənlə bağlı bütün hisslərini və qorxularını danışdılar. Mən yeni doğulanda anamın məni qucağına almaq istəmədiyini eşidəndə, çox incidim (bunu hələ yumuşaq şəkildə deyirəm).

 Hətta doğma ananın səndən üz döndərdiyini bilmək bərbad bir hissdir. Şübhəsiz əzab içində idim. Bircə anlıq özünüzü mənim yerimdə təsəvvür edin, görün imtina edilmişlik hissi necə ağrılı bir hissdir... Daha sonra bütün bu vaxt ərzində valideynlərimin mənim üçün etdikləri fədakarlıqları göz önünə gətirdim. Onlar mənə sevgilərini dəfələrlə sübut ediblər. O söhbət zamanı anamın layiqli cavabını vermək üçün artıq kifayət qədər böyümüşdüm. Anamın hamiləliyi normal keçib, ona ancaq intuisiyası nə isə bədbəxtlik üz verəcəyi haqda xəbərdarlıq edib. O şoka düşmüş və qorxu içində idi. Görəsən, mən özüm onun yerində olsam nə edərdim? Bu bədbəxtliyi onlar qədər alnıaçıq qarşılaya biləcəyimi sanmıram. Mən düşüncələrimi onlarla bölüşdüm və biz yenidən xatirələrə daldıq.

Yaxşı ki, bu söhbəti yarıda kəsmədik. O məqamda artıq atamla anamın məni ürəkdən sevdiyinə tam əmin oldum. Biz hiss və qorxularımızı bir-birimizlə paylaşdıq. Valideynlərim məni inandırdılar ki, Tanrı məni müəyyən bir məqsəd üçün yaradıb. Mən çox inandkar və israrçı bir uşaq olmuşam.

Müəllimlərim və sinif yoldaşlarımın valideynləri valideynlərimə deyirdilər ki, mən həyata yanaşmam onları yaşamağa ilhamlandırır. Mənsə zaman keçdikcə, hər şeyin daha da çətinləşdiyini dərk edirdim.
İndi mən tez-tez dünyanın müxtəlif ölkələrinə səyahətə çıxıram və dözülməz əzablar çəkən insanları görürəm. Taleyimin məhz başqa cür deyil, belə gətirməsinə görə tanrıya minnətdaram. Mən çatışmayan şeylərin fikrini eləmirəm. Ancaq mən yetim uşaqlar, dəhşətli xəstəliklərdən əziyyət çəkənlər, seks köləliyinə mərzu qoyulmuş qadınlar, borclarını ödəməyə pul tapa bilmədiyi üçün həbsxanaya düşmüş kişilər gördüm.

Əzab dünyanın hər yerini bürüyüb və bəzən dözülməz amanslıqda ortaya çıxır. Ancaq bəzən ən miskin gecəqondularda belə, ən qorxunc faciələrin mərkəzində belə sağ-salamat qalmış, hətta üstəlik özünü xoşbəxt hiss edən insanlar var. Məsəlçün, belə yerlərdən biri Misir paytaxtının yaxınlığındakı “Zibillik şəhəri” adlı gecəqondudur. Qahirədə sevinc dolu bir adam görəcəyimi gözləmirdim.

Burdakı Manşit Nassir məhəlləsi dik qayaların üstündə yerləşir. Məhəllənin adı onun küçələrində yayılmış üfunətli qoxuyla üst-üstə düşür. “Zibillik şəhəri” əhalisinin böyük bir qismi gün boyu Qahirənin küçələrində gəzişir, zibil toplayır və evinə gətirib seçir, çeşidləyir. Onlar hər gün paytaxtın 18 milyonluq sakininin tullantısında eşələnir, pula gedə biləcək, ya da heç olmasa şəxsi istifadəyə yararlı bir şeylər axtarırlar.

Küçələrdə zibilin üfunətli qoxusunu hiss edirdim. Adama elə gəlir ki, burda yaşayan insanlar böyük şövqlə çalışır. Axı, onların həyatları çətindir. Ancaq bütün bunlara baxmayaraq qarşılaşdığım insanların bir-birinin qeydinə qaldığına, inancın gücü ilə özlərini xoşbəxt hiss etdiklərinə şahid oldum. Misir əhalisinin 90 faizi müsəlmanlardır. “Zibillik şəhəri” Qahirədə xristian əhalisinin say çoxluğunun olduğu yeganə məhəllədir. Bu məhəllənin az qala 98 faiz əhalisi kopt-xristianlardır.

Mən dünyanın fərqli yerlərində cürbəcür gecəqondularda olmuşam. Qahirə gecəqondusu mənim üçün ən dəhşətli və qorxunc yer oldu. Ancaq o insanların yaşadığı aləmdə təsəvvür edə bilməyəcəyiniz bir istilik, dostluq əhval-ruhiyyəsi vardı. Burda kiçik, beton kilsədə təqribən 150 nəfər məni dinləməyə yığışmışdı. Mən danışmağa başlayanda bu adamların yaydığı xoşbəxtlik və sevincdən məftun oldum. Özümü nadirn belə xoşbəxt hiss edirəm. İnsanlardan Tanrının köməkliyi ilə həyatlarının necə dəyişdiyini soruşdum. İnanc onları həyat çətinlikləriylə mübarizədə irəliyə çəkirdi.

Onlar ümüdlərini bu dünyadakı həyata deyil, axirətdəki əbədi həyata bağlamışdılar. Onlar möcüzəyə inanırdılar və Tanrıya şükürlər edirdilər, çünki başlarına gələn bütün yaxşı işləri Tanrıyla bağlayırdılar. Mən onlara Məsihin həm də mənim həyatımı dəyişdirdiyindən danışdım. Getməzdən əvvəl biz bir neçə ailəyə düyü, çay və ərzaq almaq üçün kiçik bir miqdar pul hədiyyə etdik. Biz özümüzlə idman vəsaitləri, futbol topu və uşaqlar üçün oyuncaqlar gətirdik. Yerli uşaqlar bizi dərhal oyun oynamağa dəvət etdilər. Biz şənlənib həyatdan zövq alırdıq və o məqamda dünyanın ən kasıb, dəhşətli gecəqondusunda olduğumuzu unutmuşduq. O uşaqların təbəssümləri heç vaxt gözümün önündən getmir. Növbəti dəfə anladım ki, hər yerdə xoşbəxt olmaq mümkündür, bircə gərək Tanrıya inanasan.

Kasıb uşaqlar necə gülə bilər axı? Dustaqlar necə sevinə bilər? Bu adamlar olduqları şəraitlərdə, öz imkanları və anlayışlarının sərhəddlərindən yuxarılara qalxmağı bacarırlar. Daha sonra xoşbəxt həyatı başa düşüb, idarə edə bilmək üzərində fikirlərini toplayırlar. Mənim valideynlərim də Tanrının sözlərinə arxalanaraq eynilə belə davranmışdılar. Bu dünyada hər şey onun planları və məqsədləri əsasında edilir.

Комментариев нет:

Отправить комментарий