28 дек. 2010 г.

Ad gününə Elegiya

Ölümündən 3 gün öncə çəkilmiş foto

Atam sağ olsaydı, bu gün 62 yaşını qeyd edəcəkdi. Amansız ölüm imkan vermədi. 50 yaşından sonra ad gününü demək olar ki, qeyd etmirdi. 55 və 60 yaşını qeyd edə bildik... Atam sona qədər ölümlə mübarizə apardı, sonda şərəflə öldü. Şərəflə sözünü boş yerə işlətmədim. Jurnalsitlər bilir ki, indiki dövrdə az maaşla işləmək olduqca çətindir, üstəgəl, əziyyətlidir.
Ən əsas da, foto sahəsi üzrə.Yazar jurnalistin işi fotoya nisbətən daha asandır. İş yerindən çıxmadan xəbəri hazırlayıb verə bilərsən.

Ancaq foto... Aksiya, yanğın daha nələr-nələr. Hadisəni ətraflı çəkməlisən. Oxucu yazını oxumamışdan qabaq fotoya baxır. Foto bütün yazını əhatə edir və s. O cür çətinliyə baxmayaraq axıra kimi bu sahədə çalışdı.

Heç də peşman deyildi. Etiraf edirəm atama yüksək maaşlı işlər təklif edənlər var idi. Pul həvəskarı da deyildi, sərbəstliyi, azadlığı sevirdi. Məcburi işi heç vaxt sevmirdi. Ona görə, Azadlıq qəzetindən sonra Turan Agentliyini seçdi və orda da axıra kimi çalışdı. Bir çox jurnalistlər təsdiqləyə bilər, atam tədbirlərə gedəndə jurnalistlərin şəkillərini çəkirdi. Fərq etmirdi. İstər müxalifət olsun, istərsə də iqtidar.

Çəkdiyi şəkilləri də sahiblərinə verirdi. Bir dəfə qardaşım zarafatla özünə dedi. Yüzlərlə şəkil çəkib verirsən, niyə edirsən? Sənə lazımdır? "Mən bunu pul müqabilində etmirəm. Onların fotolarını heç kim çəkmir. Fotoları özlərinə verəndə sevinirlər. Bu mənə bəs edir..."

Atamla çox mübahisə etmişik, sözlərmizin üst-üstə düşməyən məqamları da olub. Hər mübahisədən sonra ortaq məxrəcə gəlirdik. Heç vaxt atam mübahisə zamanı bizi "yola" verməyib, həyatımıza müdaxilə etməyib. Bizi dinləyib "belə etsən daha yaxşı olar" deyib.

Dekabrın 17-i son dəfə atamla bir işlədik. Tədbirdən gəlmişdi.Fotoları mətbuata yaymağımı istədi. Fotoları yaydım. Təxminən 1 saatdan sonra yenidən yanıma gələrək "Əziz, mənim şəkillərimi çəkiblər götür onları..." Şəkillərə baxdım adi tədbirdən olan foto idi. "Əşşii neyniyirsən bu şəkilləri... bu tip şəkildən doludur lazım deyil" - dedim. Atam əlini çiynimə vuraraq "Necə neyniyirsən?! Götür-götür lazımın olar..." Doğrudan da, lazım oldu...

Ölümü normal qəbul etdim. Onsuz da axır-əvvəl olmalı idi. Dəfn mərasiminə gələn bəzi dostları atamın ürək xəstəsi olmasından xəbərsiz idilər. Ola bilsin, atam istəmirdi, özünə görə onlar da narahat olsunlar. Çox çətinliklə yanvar ayının 5-i əməliyyata razılıq verdi. Təxminən 10-11 il bundan qabaq bel nahiyyəsindən əməliyyat olundu. Bir çox dostları narkozdan sonra öldüyündən atam narkozsuz əməliyyat olunmağı istədi. Ehtiyyat edirdi.

Amma bu dəfə ki, əməliyyata psixoloji olaraq hazırlasaq da, ölüm imkan vermədi. Ölüm anında otaqda ikimiz idik, atam: "deyəsən öləcəm", "Əziz, çıx otaqdan qoy rahat ölüm" deməyini əvvəl heç anlaya bilmədim. Dəstək olmağa çalışırdım. Sonra anladım ki, atam - əmim, bibilərim, nənəm, babamın ölən anını görmüşdü. Ölümün amansız, qəddar, olduğunu bilirdi. Ola bilsin ondan istəmirdi onun ölümünü mən də görüm. Sonda bədəni soyuyanda atamın gülümsəyən yerdə görməyim məndə ümid yaratdı.

Çox sevinirəm atam bu yaşına qədər, bir dəfə də olsa rüşvət almadı. Kiminsə yanında başıaşağı olmadı. O, əyilmədi, sınmadı, tutduğu yoldan dönmədi. O, ölmədi. Son nəfəsinə qədər mübarizə apardı. Sonda şərəflə və yardım istəmədən vəfat etdi. Belə... sənin dayanacağın çatdı, sən düşdün. Bizim qatarımız hara qədər davam edəcək onu bilmirik. amma görəcək yaşayacaq günlərimiz var. Həyat qabaqdadır hələ... Şərəflə ölməyinə sevinirəm. O sənin haqqın idi. Doğum günün kutlu olsun. Ruhun şad olsun. Səninlə FƏXR EDİRƏM.


Abzas. NET - 28 dekabr 2010

Комментариев нет:

Отправить комментарий