17 нояб. 2011 г.

Kiçik kəndin böyük problemi


Demək olar ki, Azərbaycanın hər aktiv üç gəncdən biri Gürcüstanda olub. Daha çox da seminar adı ilə istirahətə gedirlər. Söhbətim Gürcüstandan, Tbilisidən, seminarlardan olmayacaq. 2008-ci ilin avqustunda Gürcülərlə Osetinlər arasında baş verdiyi müharibənin canlı şahidi olan Erqneti kəndindən danışacam sizə.


Bu müharibə haqqında demək olar ki, hər kəsin məlumatı var. Həmin müharibəsindən 3 il keçsə də, Gürcüstanın sərhədyanı bölgələrində hələ də sabitlik yoxdur.  Müharibə bitsə də, silahlanmış polislər post quraraq kəndin giriş və çıxışına nəzarət edirlər. Bu o deməkdir ki, vəziyyət hələ də gərgin olaraq qalır. Kəndə giriş üçün müəyyən orqanlardan icazə alınmalıdır. Odur, Beynəlxalq Böhran Qrupunun nümayəndələri ilə birlikdə kəndə giririk…..

Elə kəndin girişindən başlayaraq, səssizlik hökm sürürdü. Yol qırağında isə, heyvanlar otlayırdı.

Kənd boyu irəlilədikcə yanmış və dağılmış evlər ard-arda muzey eksponantı kimi düzülmüşdü. Müharibə vaxtı kənddə təxminən 140-dan çox ev yandırılaraq tamailə yararsız hala salınıb. Kənd sakinlərinin bəziləri evlərindən didərgin düşüb, bəziləri isə getməyə yerləri olmadığından sonradan kəndə geri qayıdıb.

2008-ci ildə baş vermiş müharibə sözün əsl mənasında kənd sakinlərinin həyatını məhv edib. Böyük ümidlərlə yaşayan insanlar, hazırda öz gələcəkləri üçün yox, sağ qalmaq üçün yaşayırlar. Müharibədən əvvəl iki-üç mərtəbəli villaları olanlar, hazırda beynəlxalq təşkilatların dəstəyi ilə tikilən 22 kvadrat metrlik bir otaqlı evlərdə yaşayırlar. Həmin o evlər, bu insanların həm mətbəxi, həm qonaq otağı, həm də yataq otağı kimi istifadə olunmaqdadır.

İşə yaramayan jurnalist

İnsanlarda özünə inam itdiyindən, nəinsə yaxşı olacağına inanmıralar. Pəncərələrindən bizi görənlər ya evə girir, ya da bizdən uzaqlaşmağa çalışırlar. Amma bəziləri yeni sima gördükləri üçün söhbət etmək, ürəklərini boşaltmaq üçün  danışmağa üstünlük verirdilər. Yolun qırağında bir qoca kişiyə yaxınlaşıb ona jurnalist olduğumu və onunla söhbət etmək istədiyimi bildirdim. Qoca başını qaldırmadan “Gözüm aydın jurnalistsən, jurnalistlərə böyük hörmətim var idi, amma sənin kimi çox jurnalist gəlib-gedib. Heç biri də bir işə yaramayıb. Sən də onlardan biri olacaqsan” – dedi.

Açığı bu cür cavab gözləmirdim. Birinci dəfə idi ki, belə cavab alırdım. Demək insanlar hər şeydən əllərini üzüb, jurnalistlərə bel bağlamışdılar. Jurnalistlərdən də cavab çıxmayıb.

Toysuz kənd

Kənddə vəziyyət günü-gündən ağırlaşır. Müharibədən sonra  əhaliyə 1 il ərzaq yardımı verilsə də, sonradan bu yardım tamamilə dayandırılıb. İndi yalnız aylıq verilən 100-150 lari – təxminən 50-70 AZN həcmində sosial yardıma möhtacdırlar. Hökumətdən isə başqa yardım görmürlər. Hətta onların vəziyyəti ilə maraqlanan belə yoxdur.

Bu azmış kimi, Erqneti sakinləri meyvə-tərəvəz toplamaq üçün əkib-becərdikləri təsərrüfat sahələrinin bəhrəsindən də tam yararlana bilmirlər. Çünki Cənubi Osetiya tərəfindən kəndi su ilə təchiz edən Saltvi kanalının qarşısı tamamilə kəsilib. 3 ildir insanlar su üzünə həsrətdirlər, təsərrüfatlarını sulamaqda çətinlik çəkirlər. Bu da alternativ işlə məşğul olmağın qarşısını alır. Kənddəki acınacaqlı vəziyyətin göstəricilərindən biri də müharibədən sonra burada bir dəfə də olsun toy mərasiminin keçirilməməsidir. Əvəzində isə demək olar ki, hər ay kənddə kimsə dünyasını dəyişir.

Sonuncu ümid

8000 əhalisi olan kəndə hazırda 2000-dən az adam yaşayır.  Erqnetidə 42 nəfərlik məktəb  fəaliyyət göstərir. Valideynlər, uşaqları evdə boş qalmasın və digər uşaqlarla ünsiyyət qursunlar deyə məktəbə göndərirlər.  Gördüyüm maraqlı səhnələrdən biri məktəb uşaqlarının dərsdən sonra kilsəyə getməsidir. Dağıdılmış kilsə kənd sakinlərinin köməyi ilə qismən də olsa bərpa olunub. Amma kiçik kilsəyə məktəblillər “ümid çırağı” kimi baxırlar. Belə ki, hər gün dərsdən sonra müəllimləri ilə birlikdə kilsəyə gedərək dua edirlər ki, tezliklər sülh olsun və onların yaşayışları normallaşsın. “Əgər yenidən müharibə olarsa, bizim gələcəyimiz məhv olacaq. Heç istəməzdik müharibə səhnələrini görək”. Bu sözləri deyən məktəb şagirdi artıq müharibə haqqında məlumatlı olduğunu göstərir.

…yeni hücum baş verə bilər

Müharibə işğalı rəsmiləşdirmək və sosial problemlər gətirməklə yanaşı, tarix boyu yaxın olan xalqları da bir-birindən ayırı salıb. Ümumi statistikaya əsasən, Çxinvali əhalisinin 40 faizi qarışıq ailələrdən ibarətdir. Elə Erqnetidə də qohumları və dostları sərhədin o biri tərəfində qalan çox adam olub. Qarşılıqlı gediş-gəliş artıq mümkün olmadığından insanlar bir-biri ilə əlaqə qura bilmirlər, telefon əlaqəsi böyük problemə çevrilib. Belə ki, Cənubi Osetiyada insanlar telefonların  dinlənilməsindən ehtiyat edərək, danışmaqdan qorxurlar. Sakinlər iddia edirlər ki, Cənubi Osetiya əhalisi çox pis yaşayır. İnsanların qazanc yeri yoxdur, qiymətlər isə  olduqca bahadır. Sakinlər nə Gürcüstana, nə də şimala uzanan “Həyat yolu” adlandırılan əsas magistral yol qışda bağlananda Rusiyaya gedib-gələ bilirlər. Bütün hərbi əməliyyatlarda olduğu kimi, bu müharibənin də əzab-əziyyətini sadə xalq çəkir. Erqnetinin də çoxsaylı problemləri olsa da, kəndin sakinləri deyir ki, narahatlıq doğuran əsas məsələ təhlükəsizlik problemidir. Qarşı tərəfdə mütəmadi təlimlər keçirilməsi insanları düşünməyə vadar edir ki, yenidən hər şey dəyişə və yeni hücum baş verə bilər. Daha çox foto

Репортаж из грузинского села, разбитого войнойФОТО

Mənbə: ANN.az

Комментариев нет:

Отправить комментарий